Home / XƏBƏRLƏR  / Elektron Ticarət vergi nəzarətinə götürüləcək

Elektron Ticarət vergi nəzarətinə götürüləcək

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması və digər prioritet məsələlərdən söhbət açıb. Vergi qanunvericiliyi ilə bağlı bir çox məqamlara aydınlıq

elektron ticarət
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması və digər prioritet məsələlərdən söhbət açıb.

Vergi qanunvericiliyi ilə bağlı bir çox məqamlara aydınlıq gətirən cənab Şirinov, elektron ticarətlə bağlı da söhbət açıb. Müsahibədən elektron ticarətlə bağlı çıxarış hissəsini nəzərinizə çatdıraq:

Hazırda müzakirə olunan aktual məsələlərdən biri də elektron ticarətlə bağlıdır. Bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur və bu sahəyə vergi nəzarəti necə təşkil edilir?

— İnternet vasitəsi ilə elektron ticarətin həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin tərkib hissələrindən biridir. Son dövrlərdə inkişaf etmiş ölkələr də artıq yeni inkişaf mərhələsinə — vahid informasiya cəmiyyətinin yaradılması mərhələsinə daxil olmaqdadır. Sahibkarlıq fəaliyyəti sahəsində bu istiqamətdə baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb.

Dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradıb. Son illərdə ABŞ, Kanada, Avstraliya və bəzi Avropa ölkələrində elektron qaydada həyata keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul edilir.

Artıq Azərbaycanda da biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul olunub. “Elektron sənəd, elektron imza haqqında”, “Elektron ticarət haqqında” qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini misal göstərmək olar.

Hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin elektron ticarətin yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.

Hazırda aktual məsələlərdən biri də ölkədə nağdsız hesablaşmaların inkişaf etdirilməsidir. Vergilər Nazirliyi bu sahənin inkişafı üçün mühüm işləri yerinə yetirib. Bu sahənin gələcək hədəfləri barədə nə deyə bilərsiniz?

— Son illərdə Azərbaycanda mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması üçün qabaqcıl beynəlxalq təcrübədən istifadə olunmaqla elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində bir sıra islahatlar aparılıb. Bu islahatların nəticəsində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (online) həyata keçirilməsinə və xırda ödənişlərin, o cümlədən, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödəmələrin elektron daşıyıcılar, habelə plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Təhlillər göstərir ki, 2012-ci ildə cəmi pul kütləsinin həcmi 20,7 faiz artdığı halda, nağd pul kütləsi 29,3 faiz artıb. Ötən il isə cəmi pul kütləsi 15,4 faiz artdığı halda, nağd pul kütləsinin artımı 13 faiz təşkil edib.

Qeyd edim ki, respublika ərazisində nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasını və nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan müvafiq qanunvericilik aktlarının layihələrindən ibarət təkliflər hazırlanıb baxılması üçün hökumətə təqdim olunub. Bununla yanaşı, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılmasında beynəlxalq tələblərə cavab verən daha təkmil qanunvericilik bazasının yaradılmasına texniki kömək üçün Dünya Bankının Azərbaycandakı nümayəndəliyi ilə müzakirələr aparılır.

Vergi xidməti bu sahədə öz üzərinə düşən müəyyən işləri artıq tamamlayıb. 2012-ci ilin aprelindən başlayaraq vergi ödəyiciləri plastik bank kartından istifadə etməklə vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi imkanı əldə ediblər.

POS-terminal şəbəkələrinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bildiyiniz kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa edilmiş dəyişikliklərə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminalların quraşdırılması hüquqi və fiziki şəxslərin vəzifələrinə aid edilib. Həmin qanunun icrasından irəli gələrək nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 2012-ci ildə «Azərbaycan Respublikasının ərazisində POS-terminallar quraşıdırlması, istifadəsi və tətbiqi Qaydaları» və «POS-terminallar quraşıdırılacaq obyektlərin meyarları» təsdiq edilib. Hazırda vergi ödəyicilərin obyektlərində POS-terminalların quraşdırılması işləri davam etdirilməkdədir.

Görülmüş işlər nəticəsində POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi artmaqdadır. Bu artım POS-terminal və ATM-lərin sayında da özünü göstərir. İyunun 1-dək respublika üzrə qeydiyyatda olan POS-terminalların sayı ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,6 dəfədən çox artaraq 51773 ədəd təşkil edib. Son üç il ərzində POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız dövriyyənin həcmi 4 dəfəyədək artaraq, 2013-cü ildə 578 milyon manat olub (technimum.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın