Home / İDMAN  / İdmançının psixoloji hazırlığının rolu

İdmançının psixoloji hazırlığının rolu

İdman həyatı, yalnız fiziki qüvvə sərf etməyi deyil, eyni zamanda, psixoloji baxımdan da tələb olunan səviyyəni kəsb etməyi qanunauyğun hal hesab edir. Lakin psixoloji hazırlıq necə olmalıdır, onun meyarı və məqsədəmüvafiqliyi nədən ibarətdir? Bu və

idmançı psixologiyası

İdman həyatı, yalnız fiziki qüvvə sərf etməyi deyil, eyni zamanda, psixoloji baxımdan da tələb olunan səviyyəni kəsb etməyi qanunauyğun hal hesab edir.

Lakin psixoloji hazırlıq necə olmalıdır, onun meyarı və məqsədəmüvafiqliyi nədən ibarətdir? Bu və ya digər psixiki proses və fərdi xassələrin tərbiyə olunması, eləcə də idman növünün özünəməxsus xüsusiyyətləri ilə əlaqələndirilməsi kimi məsələlər tam həll olunmamış qalır.

İdmançının yarışlara psixoloji hazırlığı, onun temperament, xarakter, yaş, idman fəaliyyətindəki təcrübəsi, yarışların miqyası, əhəmiyyəti və keçirildiyi şərait və mühitlə əlaqədardır. Məlum olduğu kimi, fəaliyyət insanların fiziki və psixoloji fəallıqlarının cəmidir. İdman da bir fəaliyyət olaraq, bu iki amili ehtiva edir. İdmançı təlim və məşq gedişində hər iki amili inkişaf etdirir, fiziki və psixoloji hörgülərin əhatəsində taktiki və texniki hazırlığın parametrlərini işləyir, mübarizə yolları və icra proseslərini müəyyən edir.

Bəs konkret olaraq, psixoloji hazırlıq nədir? Əlbəttə, ümumi şəkildə deyilsə, bu, sarsılmaz inamdır, emosiyaları tənzimləmə qabiliyyətidir, sürətli reaksiyaya malik olmaqdır, analitik təfəkkürdür (qələbə yalnız ağılla qazanılır) və s. Lakin bunlar, həmin keyfiyyətlərin formalaşması yolları, dəqiq təsəvvür edilsə belə, psixoloji hazırlığın hamısı deyildir. Daha nələrə diqqət yetirmək lazımdır?

Öncə, onu qeyd edək ki, məşqçilərimizin çoxu psixologiyaya dair nəzəri biliklərini müntəzəm artırmaq qayğısına qalmır. Əlbəttə, burada söhbət yalnız nəzəri biliklərin toplusundan deyil, həm də onların tətbiqi yollarının, əməli əhəmiyyətinin aydın təsəvvür edilməsindən gedir. Unutmaq olmaz ki, məşqçi üçün qaranlıq olan bir məsələ, idmançı üçün zülmətə çevrilir.

Təlim-məşq gedişində aparılan psixoloji hazırlıq motivləşdirmə prinsipinin müəyyən olunmasından başlanmalıdır. Səbəbi nədir? İnsanlar hər hansı bir qüvvənin yönəldici təsirinə məruz qalırlar. İdmançı bu fəaliyyətə gəlişinin səbəbini aydın dərk etməlidir. Hər hansı bir idmançı öz fəaliyyəti ilə nəyə nail olacağını qabaqcadan müəyyənləşdirməlidir. Bu məqsəddir. Məqsəd aydınlığı olmayan yerdə fəaliyyətə başlamaq düzgün deyil. Nəticənin necə olacağına biganəlik göstərmək fəaliyyətin məhsuldarlığına yanlış təsir edir. Burada tələbat və maraqların da rolu, təsir gücü və əhəmiyyəti xüsusilə nəzərə alınmalıdır.

Həm tələbatın, həm də marağın ictimai mahiyyəti ön plana çəkilməli, şəxsi tələbat və maraqlar ictimai ruhla həmahəng olmalıdır. Belə olduqda, idmançının diqqəti daha da güclənər, yarışlarda məsuliyyət hissi artar. İdmançının psixoloji hazırlığında psixiki proseslərin, duyğular, qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə, hafizə, nitq və hissin, eləcə də fərdi psixiki xassələrin – temperament, xarakter və qabiliyyətlərin inkişafına dair fərdi və kollektiv planların tərtibi zəruri sayılır.

İdmançının psixoloji hazırlığı məşq və yarışlar zamanı idmançının sabit çıxışını təmin etməkdə, yüksək səviyyədə işgüzarlıq göstərməkdə və ən çətin anlarda fərdi fəaliyyəti davam etdirməkdə, eləcə də şəxsi keyfiyyətlərin bərqərar olunmasında psixoloji funksiyaların əhəmiyyətli rolu nəzərdə tutulur.

Sinir sisteminin düzgün tənzimlənməsi psixoloji finksiyaların tərbiyə olunmasına imkan yaradır. Ona görə ki, əksər hallarda mənfi iradi keyfiyyətlər vegetativ sinir sisteminin fəaliyyətində şərti reflekslərin pozulması ilə əlaqədar olur. Yuxarıda göstərilənlərin nəzərə alınması idmançıların psixoloji hazırlığına əsaslı təsir edir və onu gücləndirir.(idman.com.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın