Home / XƏBƏRLƏR  / Allahsız “Qarabağ”…

Allahsız “Qarabağ”…

Futboldan elə də yüksək anlayışı olmayan birinin "Qarabağ" 5 milyon dəyərində 2 oyunçu almalıdır" fikrini məsxərəyə qoyub gülürük. Ciddi sınaq zamanı isə 250 minlik futbolçuların milyonlarla büddcəsi olan klublarla mübarizədə qalib ayrılmasını arzulayırıq. İştahımız Allah

emin səfərov

Futboldan elə də yüksək anlayışı olmayan birinin “Qarabağ” 5 milyon dəyərində 2 oyunçu almalıdır” fikrini məsxərəyə qoyub gülürük. Ciddi sınaq zamanı isə 250 minlik futbolçuların milyonlarla büddcəsi olan klublarla mübarizədə qalib ayrılmasını arzulayırıq. İştahımız Allah qədər böyükdü…

Nə yazıq ki, gücümüz yetərli deyil. Və nə yazıq ki, futbol Allahsız oyundu. Artıq “Allah, sən “Qarabağ”ın, “Qəbələ”nin köməyinə çat” tipli dualarımız da qəbul olunmur. Bu, “Həm ziyarət, həm ticarət” filmində Hacının lotereya bileti almadan möcüzə gözləməsinə bənzəyir.

Düzdü, dünya Allahındı, höküm sahibi odu. Buna şübhəm yox, şəkkim yox. Ancaq qəbul etməliyik ki, 100 metrlik meydança da, söz sahibi olan futbolçulardı. Buna baxmayaraq, yenə də 29 il əvvəl Maradonanın İngiltərə millisinin qapısına vurduğu qolu tanrının adına bağlayırıq. Allaha o qədər inanırıq ki… “Qarabağ”a inandığımız, “Qəbələ”dən möcüzə gözlədiyimiz qədər…

Azərbaycan klublarının Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını Bakının Ramana qəsəbəsinin çala-çuxurlu yollarından birtəhər Heydər Əliyer prospektinə çıxmağa bənzədirəm. Ax, nə gözəl duyğulardır, bilə bilməzsiniz. Geniş, sürətli yollarda 5 dəqiqəyə “Koroğlu”ya çatmaq duyğusunu isə sözlə ifadə etmək mümkün deyil. Avroliqada isə durum fərqlidi. Qısa zaman ərzində nə istəyinə, nə də arzuna, nə də ki, məqsədinə çata bilirsən.

Bilirsən, dostum, “Oka” markalı avtomobillə (Cavid Tağıyev) belə yarışda, belə geniş və sürətli yolda Stefano Okakaya qarşı mübarizə aparmaq çətin məsələdi. “Sonata” (Əfran İsmayılov) ilə “Ferrari”yə bənzəyən Hyunq-Min Sona qarşı yarışsan, uduzarsan. Bu da son, atam!

“Hazırda o səviyyədə deyilik ki, milyonlarla pul verib müqaviləsi davam edən futbolçunu alaq” deyən Qurban Qurbanov yazının ilk cümləsinə cavab verir. Bundan başqa Qurban bəy növbəti açıqlamasında “Rəqiblərimizin həm büdcəsi, həm də futbolçu seçimləri bizdən çoxdur. Onların ölkə çempionatları da yüksək səviyyədədir” fikirləri ilə tam razıyam. Amma “Əgər ölkə çempionatımıza maraq artsa, daha yaxşı nəticələr qazanacağıq və qrupdan da çıxacağıq” fikrini qəbul etmirəm.

“Qəbələ” tarixində tarix yazıb, qruplara qatıldı, ev matçına azarkeş gəlmədi. “Qarabağ” Çempionlar Liqası səviyyəsində olan klublarla kişi kimi mübarizə apardı, Premyer Liqa matçlarında tribunalar boş qaldı. Reallıq budu ki, camaat qələbəyə, uğurlara ac olduğu kimi, mədəsi də boşdu. Və təəssüf ki, qazanılacaq uğurlar 25 sm-lik mədəni doldurmaq üçün yetərli deyil.

Fikrimcə, qruplardan ölkə, vətəndaş olaraq pullananda çıxacağıq. Klub istədiyi futbolçunu alanda, Muaremin, Leroyun yoxluğunun acısını çəkməyəndə, vətəndaş “bu gün işləməsəm, ac qalacam” deyə, düşünməyəndə… Pullansaq, arxayınlaşacağıq, daha səviyyəli legionerlər alıb, Allahsızlaşacağıq. Dua da etməyəcəyik, futbolçuya arxayın olacağıq. O zaman rəqiblər üçün sözün məcazi mənasında meydanda əsl ciddi, qarşısıalınmaz rəqib olacaq – Allahsız “Qarabağ”…

Emin Səfərov (sport7.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın