Home / BİZNES  / Çətin xarakterli insanlarla bir ofisdə işləmək

Çətin xarakterli insanlarla bir ofisdə işləmək

Böyük ehtimalla bizlərdən hər birimiz həyatımız boyunca müxtəlif xarakterli insanlarla birlikdə işləməli olmuşuq. Təəssüflər olsun ki, bu insanların heç də hamısı xoş xasiyyətə malik deyil. Bəzi insanlar var ki, çox çətin xarakterə malik olmaqla işdə

çətin insan

Böyük ehtimalla bizlərdən hər birimiz həyatımız boyunca müxtəlif xarakterli insanlarla birlikdə işləməli olmuşuq. Təəssüflər olsun ki, bu insanların heç də hamısı xoş xasiyyətə malik deyil. Bəzi insanlar var ki, çox çətin xarakterə malik olmaqla işdə keçirdiyimiz zamanı bizə əsl cəhənnəmə çevirir və bəzi hallarda istefa halına qədər gətirib çıxarır.

Onlar lazımi işi söz verdikləri kimi vaxtında təhvil vermir, işgüzar görüşlərə getməmək üçün inad edir, güzəştə getmir, müəyyən öhdəliklərdən boyun qaçırır və s.

Belə insanlarla ünsiyyət zamanı radikal qərar və tədbirlərdən yayınmaq üçün bu tip insanlarla davranış vərdişlərinə yiyələnin. Bu vərdişlərə sahib olmaq üçün isə aşağıdakı məsləhətlərə riayət etmək kifayətdir:

Sakitliyinizi qoruyun: Özünüidarənin itirilməsi və səs tonundakı qəzəb – belə insanlarla əməkdaşlıq etmək üçün heç də ən yaxşı üsul deyil. Bu zaman əsəbi olduğunuzu nümayiş etdirməklə həmin insanları öz məsuliyyətlərini icra etməyə sövq edəcəyinizi düşünürsünüzə yanılırsınız. Ata biləcəyiniz ən doğru addım özünüzü kifayət qədər sakit göstərməkdir. Sakit şəxs özündən əmin, nə istədiyini bilən və hörmətə layiq insan təəssüratı yaradır. Qarşınızdakı insanın nə qədər çətin xarakterə sahib olmasına baxmayaraq, o, sizin sakit olduğunuzu gördüyü təqdirdə sözlərinizi diqqətlə dinləyəcək, nəinki onu söz atəşinə tutduğunuzdakı kimi.

İnsanların niyyətini anlamağa çalışın: Qarşınızdakı insan sırf sizi özünüzdən çıxarmaq məqsədilə yuxarıda sadalanan davranışlara yol verə bilər. Lakin bu o demək deyil ki, çətin xarakterə malik insanların hər biri bu məqsədə qulluq edir. Bu səbəbdən də, ünsiyyətdə çətinlik çəkdiyiniz insanın bu formada davranışlarının əsas səbəbini aydınlaşdırmağa çalışın. Bununla problemi aşkar edə və aradan qaldıra bilərsiniz.

Kənar müşahidəçilərin fikrini öyrənin: Ola bilsin, kolleqalarınız, rəhbəriniz və yaxud dostlarınız da zaman-zaman eyni vəziyyət ilə üzləşmişlər. Bundan əlavə, onlar baş verənləri başqa bucaq altından izləyə və öz yanaşmalarını təklif edə bilərlər. Onlara müraciət edin, probleminizi dilə gətirin və məsləhət almağa çalışın. Sözün əsl mənasında dəyərli məsləhət almaq ehtimalınız böyükdür.

İnsanlara hörmət ilə yanaşın: Ona qarşı bacarıqsız və əlindən heç nə gəlməyən axmaq kimi davranılması təbii ki, heç kəsin bəyənməyəcəyi bir haldır. Əgər əməkdaşlarınıza hörmətsizlik edirsinizsə əmin olun ki, sizə də eyni cür cavab verəcəklər. “İnsanlarla, sizinlə necə davranmaqlarını istədiyiniz kimi davranın!” prinsipini heç vaxt unutmayın.

Nə edə biləcəyiniz haqqında düşünün: Bəzən belə əməkdaşlar problem yarada bilir. Məsələn, işi vaxtında təhvil vermir, öhdəliyində olan məsuliyyətdən yayınırlar. Hər nə baş verirsə versin, hadisəni artıq yaşanmış kimi qəbul edin. Artıq dəyişmək iqtidarında olmadığınız məsələlər haqqında düşünmək əvəzinə, vəziyyətdən necə çıxmağınız barədə effektiv düşünməyiniz daha məqsədəuyğundur.

Rəhbərlikdən kömək istəyin: Əgər gördüyünüz bütün tədbirlər yaranmış problemi həll etməyə kifayət etmədisə, öz rəhbərinizə kömək üçün müraciət edin. Bu artıq çox ciddi mərhələ olduğundan heç bir çıxış yolunuz qalmadıqda və buna məcbur olduğunuzda bu varianta müraciət edin. Belə ki, son nəticədə həmin əməkdaş işini itirə bilər. Ən yaxşı halda isə, rəhbərliyin sözlə xəbərdarlığı məsuliyyətsiz əməkdaşa öz öhdəliklərini xatırlatmaq üçün ən yaxşı vasitə rolunu oynayır. Bundan əlavə, hər bir kiçicik çətinlikdə kömək üçün rəhbərliyə müraciət etdikdə fərdi şəkildə problemin öhdəsindən gələ bilməyən əməkdaş təəssüratı yaradacaqsınız.

Mümkün qədər bu məsləhətlərə əməl etməyə çalışın. Bəlkə də, həll olunmaz kimi görünən problemin həlli o qədər də uzaqda deyildir.(banker.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın