Home / BİZNES  / Marketinqə özünüzdən başlayın

Marketinqə özünüzdən başlayın

Son aylar hər kəsin dilində ən çox işlənən sözlərdən biri krizis (böhran) sözüdür. Mövzumuzda böhran vəziyyətində əsasən gənclərin iş tapmaq üçün və ya öz işlərində qalmaq üçün nələri etməli olduqları açıqlanır. Dünyada işlənən yeni terminlərdən biri

şəxsi marketinq

Son aylar hər kəsin dilində ən çox işlənən sözlərdən biri krizis (böhran) sözüdür. Mövzumuzda böhran vəziyyətində əsasən gənclərin iş tapmaq üçün və ya öz işlərində qalmaq üçün nələri etməli olduqları açıqlanır.

Dünyada işlənən yeni terminlərdən biri də “Self marketing” terminidir. Tərcümədə “Öz marketinq” və ya insanın özünün, şəxsinin marketinqi anlamına gəlir. “Self marketing” termin və anlayışı haqqında çox yazmaq əvəzinə bu anlayışın verdiyi töhfələr və insanların özlərini (biliklərini, bacarıqlarını) daha yaxşı və daha baha sata bilmələri üçün nələri etməli olduqlarını sizinlə bölüşürük:

1-ci. Məhsulun və ya xidmətin marketinqində olduğu kimi ilk növbədə hər şey araşdırmadan başlayır. İndiki halda məhsul sz özünüzsünüz. Odur ki, ilk olaraq özünüzü araşdırın, mənfi və müsbət cəhətləriniz, güclü və zəif tərəflərinizi təyin edin. Bir sözlə özünüzün SWOT analizini aparın. Güclü tərəflərinizi daha da qabardaraq eyni zamanda zəif tərəflərinizi müsbətə doğru addım-addım dəyişməlisiniz. Eyni zamanda öz bacarıqlarınızı təyin etməyə çalışın. Hansı sahədə, hansı sektorda, hansı işdə sizin bacarıqlarınızın sizə daha çox kömək edə biləcəyini araşdırın. İndiki biznes mühitdə biliklə yanaşı bacarıqlar da cox vacibdir və sizin iş tapmağınızda, karyera qurmağınızda bu bacarıqlar aparıcı rol oynaya bilər. Özünüzü qiymətləndirərkən və öz xüsusiyyətlərinizi qeyd edərkən maksimal səmimi olmağa çalışın ki, araşdırmadan sonra özünüzü həqiqətən də müsbət yöndə dəyişə biləsiniz.

2-ci. Vacib məqam özünü təqdim etmə bacarığıdır. Müsahibələrdə və ya başqa görüşlərdə bir çox hallarda savadlı və bacarıqlı insanların bəziləri özünü və özündə olan potensialı göstərə bilmir, təqdim edə bilmir. Müsahibədə və ya başqa görüşlərdə ilk tanışlıq zamanı özünü maksimal olaraq təqdim edə bilmək və öz bilik və bacarıqlarını göstərmək çox vacibdir. Çünki ilk görüş və ilk tanışlıq çox vacibdir. Əbəs yerə deyilmir ki, ilk təəssürat ən çox vacibdir və sizin haqqınızda bir ömürlük fikir formalaşdıra bilər. Nəinki işdə hətta həyatda belə özünü təqdimetmə bacarığını inkişaf etdirmək çox vacibdir. Utanmaq, çəkinmək, həyəcanlanmaq hisslərini bir kənara qoyaraq qarşıdakı insanın sizin bilik, bacarıq və digər istedadlarını görməsini təmin etmək çox vacibdir.

3-cü. İştirak etdiyiniz müsahibələrdə və ya digər görüşlərdən öncə qarşı tərəf haqqında (bu şirkət də ola bilər və ya şəxs də ola bilər) maksimal çox informasiya öyrənməyə çalışın. 21-ci əsr informasiya əsridir. Nə qədər çox məlumatlı olsanız bir o qədər çox gücə sahib olacaqsınız. Şirkət müsahibədə olduqda həmin şirkətə nə cür bir əməkdaşın lazım olduğunu təyin etməyə çalışın və o lazımi bacarıqlarınızı intervyuda daha da qabardın.

4-cü. Vacib element sizin imic-dir. İmic əslində geniş bir məfhumdur. Ümumi olaraq desək, imic sizin geyim tərziniz, sizin danışıq tərziniz, sizin davranışlarınızın cəmidir. Sizin imic sizin məqsədlərlə və nəyə nail olmaq istədiklərinizlə birbaşa əlaqəlidir. Bu baxımdan sizin imic sizin məqsədlərinizə uyğun olmalıdır. Əgər siz bankda departament direktoru və ya daha yüksək vəzifəni qarşınıza hədəf qoymusunuzsa, o zaman sizin geyim danışıq tərzi, əl hərəkətləriniz də buna uyğun olmalı və özündə ciddillik elementləri daşımalıdır. İmic geyim baxımdan nəzərdə tutulduqda vacib deyil ki, bahalı markalardan brendlərdən istifadə edəsiniz. Əgər buna imkanınız çatırsa bu başqa məsələ. Əgər imkanınız məhdud çərçivədədirsə, sadəcə seçdiyiniz görkəmə uyğun daha uyğun qiymətlərlə geyim əldə edib hədəfə doğru irəliləyə bilərsiniz.

5-ci. Müasir biznes şəraitində və yaşam şəraitində ən vacib element sizin Network-dur (şəbəkə). Yəni sizin əlaqələrinizdir. Əlaqələr dedikdə day-day və digər bunun kimi məfhumları nəzərdə tutmuram. Əgər day-dayınız varsa ümumiyyətlə bu məqaləni əziyyət çəkib oxumayın! Day-dayı olmayanlar isə day-dayın verə biləcəyi bir çox üstünlükləri öz əlaqələri vasitəsilə də əldə edə bilərlər. Dostluğunuzu, tanışlığınızı və yoldaşlığınızı genişləndirin və çərçivəyə salmayın. Müxtəlif tədbirlərdə, təlimlərdə və görüşlərdə iştirak etməklə siz müxtəlif sahələrdən, müxtəlif vəzifəli, müxtəlif dünyagörüşlü insanlarla münasibət qura bilərsiniz və tez gec bu qurulan münasibətlər sizə iş həyatında faydalı olacaqdır. Mən əminəmki ölkəmizdə biznesi olan sahibkarlar 90%-i əlaqələrin tanışlıqların və öz şəbəkəsinin hesabına biznesini inkişaf etdirir və cəmiyyətə fayda verir. Odur ki, öz ətrafınızda daha çox insanın olmasına, müxtəlif sahələrdən və eyni zamanda savadlı, dürüst və bacarıqlı insanların olmasına çalışın. Bu cür tanışlıqar əldə etmək indiki dövrdə əslində çox rahatdır. Hətta sosial şəbəkələr vasitəsilə də özünüzə çoxlu dostlar qazana bilərsiniz. İlk olaraq virtual olsa da bu dostluğu münasibətləri daha sonra reallıq müstəvisinə daşımaq sizin əlinizdədir.

6-cı. Sonuncu və yenə də ən vacib elementlərdən biri də özünə inamdır. Əgər özünəgüvən olmazsa, o zaman sadaladığım işləri görsəniz də belə çox irəli getmək şansı çox az olacaq. Siz özünüzə inanmasanız digərləri onsuz da sizə və sizin bacarıqlarınıza inanmayacaqlar. Özünüzə inamla birgə qarşınıza qoyduğunuz məqsədə gördüyünüz işə də bir o qədər inanmalısınız. Qədim tarixdən bu günə qədər əksər ixtiralar, yeniliklər və digər böyük işlər onları görən, hazırlayan, fikirləşən insanların həmin işə həddindən çox inanması nəticəsində meydana gəlib. Odur ki, qarşınızdakı iş nə qədər çətin və yorucu olsa belə, həmin işə sona qədər inanın. İnanın ki, ətrafdakılar da sizə və sizin ideyaya inansınlar.(faridislamov.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın