Home / XƏBƏRLƏR  / Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür

Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür

Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada dünyasını dəyişib. Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan

məhəmməd əmin rəsulzadə

Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada dünyasını dəyişib.

Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan Rəsulzadə, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

Məhəmməd Əmin bəyin gənclik dostlarından biri, sonralar İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadənin yazdığı kimi, “nə Bakı hökumətində tacsız bir Sultan mövqeyində olanda, nə də İstanbulda ayda bir lirəyə yaşadığı günlərdə Rəsulzadə öz əqidəsindən əsla dönməmiş, inadla öz idealları uğrunda mücadiləsini davam etdirmişdi. Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir…”

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat 22:50’də əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram məscidində M.Ə.Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar.

Cebeci Asri Mezarlığı qəbirstanlığında M.Ə.Rəsulzadənin qəbirin üstündə, Ankara bələdiyyəsi tərəfindən, memorial ucadılmışdır. Memorialın yanında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanır.

Rəsulzadənin vəfatı ilə bağlı geniş yayılmış fikirlərdən biri də bundan ibarətdir ki, o, son nəfəsində “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşub. Lakin tarixçi Aydın Balayev bu fikrin həqiqətəuyğun olmadığını yazır. Onun bildirdiyinə görə, ömrünün son günlərində və bu dünyanı tərk edərkən Məhəmməd Əmin bəy koma vəziyyətində olub. Belə bir vəziyyətdə isə insanın nəsə deməsi mümkünsüzdür: “Ayrı-ayrı tarixi şəxsiyyətlərin böyüklüyünü daha da qabartmaq məqsədilə, zaman-zaman müxtəlif “əfsanələr” uydurulub. Belə “folklor nümunələri”nə bütün xalqların tarixində rast gəlmək mümkündür. Lakin xalq yaradıcılığının məhsulu olan belə “nümunə”ləri tarixi fakt kimi təqdim etmək düzgün deyil. Digər tərəfdənsə, düşünürəm ki, Məhəmməd Əmin bəyin böyüklüyünü qabartmaq üçün doğrudan da xoş niyyətlə düşünülmüş belə bir “əfsanə”yə ehtiyac yoxdur. Axı öz həyatı və mücadiləsi ilə Rəsulzadə onsuz da Azərbaycan tarixinin, sözün həqiqi mənasında, ən böyük ƏFSANƏlərindən biridir”.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın